Dünya mətbuatında da Fikrət Əmirovun yaradıcılığı böyük maraqla qarşılanmış, izlənmişdir:
Tayms, 7 may 1965-ci il
G. Rojdestvenski gecəni yeniliklə, konsertdə iştirak edən, tamaşaçıların alqışlarıyla qarşılanan bəstəkar F. Əmirovun simli orkestr üçün yardığı simfoniya ilə açdı. Böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunan bu simfoniyanı dinləyənlər Şərqin röyaları ilə yaşadı.
Faynanşl Tayms, 7 may 1965-ci il
Qərb nöqteyi-nəzərindən Azərbaycan bəstəkarı Fikrət Əmirovun simfoniyası bir tərəfdən Çaykovski, digər tərəfdən şərq oriyentalizminin əlamətlərini özündə göstərir. Böyük Britaniya Sovetlər ölkəsi kimi böyük məkanda olsaydı və bu dövlətin əyalətinin bir nümayəndəsi belə bir sanballı əsər bəstələsəydi, biz bununla fəxr edərdik.
F. Əmirov yaradıcılığı barədə fikirlər
1)Heydər Əliyev
Xatırlayıram, 1953-cü ildə bizim opera və balet teatrında "Sevil" operasının premyerası idi. Təbiidir ki, mən orada idim. Mən Rəşid Behbudovun belə mərasimlərinin çoxuna gedirdim. Fikrət Əmirovun yazdığı "Sevil" operası çox böyük təsir bağışladı. Onu da demək istəyirəm ki, Üzeyir Hacıbəyovun yazdığı, "Koroğlu" operasından sonra da Azərbaycanda opera janrında əsərlər yaranıbdır. Amma ondan sonra "Sevil" operası qədər çox dəyərli, yüksək musiqiyə, professional musiqiyə malik olan opera olmamışdır.
Bu bəlkə də mənim subyektiv fikrimdir. Ancaq hesab edirəm ki, bu, həqiqətə yaxındır. Rəşid Behbudov orada Balaş rolunu çox məharətlə ifa etdi. Biz Cəfər Cabbarlının "Sevil" pyesini çox yaxşı bilirdik. Gənclik vaxtlarımda bizim teatrlarda "Sevil" pyesini tamaşaya çox qoyurdular. Ona görə də Cəfər Cabbarlının yaratdığı "Sevil" pyesi bizim beynimizdə bir dram əsəri kimi qalmışdı. Amma eyni zamanda onun dram xüsusiyyətini saxlayaraq, opera yaratmaq, əlbəttə ki, bizim böyük bəstəkarımız Fikrət Əmirovun ən uğurlu nailiyyətlərindən biridir. "Sevil" operası o vaxt çox böyük əks-səda yaratdı və uzun müddət də səhnədə idi. Son vaxtlarda da səhnədə olmuşdur.
2) Qara Qarayev
Fikrət Əmirov təkcə bizim respublikanın deyil, bütün ölkənin qabaqcıl, istedadlı bəstəkarlarındandır. Onun adı ölkənin hüdudlarından çox-çox uzaqlarda məşhurdur. O, bizim musiqi həyatımıza daxil olmuş bir çox parlaq, istedadlı əsərlərin müəllifidir. F. Əmirovun yaradıcılığı üçün səmimilik, lirika və dərin emosionallıq xasdır. Onun obrazlarının təsvirində əsas vasitə olan musiqi dili melodik mənşəyi ilə fərqlənir...
3) Səməd Vurğun
Fikrət Əmirov – Azərbaycan xalq musiqisinin mahir bilicisidir. Onun “Sevil”i tükənməz muğam incəsənətinin xəzinəsindən götürülmüş və operada ustalıqla əks etdirilmiş heyranedici melodiyalarla doludur.
4) Şövkət Məmmədova, SSRİ xalq artisti
“Sevil” operası, şübhəsiz, bəstəkar Fikrət Əmirovun böyük uğurudur. Ən dəyərlisi odur ki, müəllif Azərbaycan xalq melodiyalarına istinad edərək dünya və rus opera klassikalarının zəngin opera formaları və musiqi-dramatik priyomlarından cəsarətlə istifadə etmişdir.
5) D. Şostakoviç
Mənə ilk dəfə Fikrət Əmirovun “Sevil” operasını bütövlükdə dinləmək nəsib olur.İlk növbədə bəstəkarın fövqəladə qiymətli keyfiyyətini qeyd etmək istərdim – o, səhnə xüsusiyyətlərini çox gözəl duyur, bu da opera yazan bəstəkar üçün çox önəmlidir. Xüsusən operanın dramatik səhnələrində Əmirovun musiqisi böyük ifadə gücünə malikdir.
6) Mirzə İbrahimov
Mən Fikrət Əmirovun yaradıcılığını çox yüksək qiymətləndirirəm və ondan hələ çox əsərlər gözləyirəm. Onun parlaq istedadlı musiqisi nəinki Azərbaycanda, hətta çoxmillətli sovet mədəniyyətinin xaricdə səlahiyyətli nümayəndəsidir. Bu sənətkara xas geniş baxış, beynəlmiləlçilik, insana məhəbbət və getdiyi ölkələrin mədəni irsinə olan dərin hörmət bəstəkarın xalqlar arasında möhkəm dostluq əlaqələri yaratmaq işindəki xidmətlərinə yüksək qiymət verməyə imkan verir.
7) Zuziko Ancaparidze, SSRİ xalq artisti
Mən bizim teatr kollektivini bu dərəcədə həyəcanlandıran başqa bir tamaşanı xatırlamaqda çətinlik çəkirəm, Fikrət Əmirovun "Min bir gecə" baletinin Tbilisidəki premyerası mədəniyyətlərin beynəlmiləl həmrəyliyinin əsl bayramına çevrildi. Tamaşanın uğuruna səbəb Fikrət Əmirovun ehtiraslı, emosional cəhətdən zəngin musiqisi idi.
8) Əbdürrəhman Feniş
Fikrət Əmirov - bu ad dovrümüzün görkəmli xadimlərindən birinə məxsusdur. O, hətta musiqi ilə ötəri tanış insanları belə məftun etməyi bacarır.
F. Əmirov ilk dəfə qədim muğamlarımızı müasir musiqi dilinə çevirmişdir, bu da bütün dünya mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir.
9) Viktor Vanslov
Mən bu əsərin ("Min bir gecə" tamaşasının) ən fəal təbliğatçılarından olacağam. Baletin ideyası, onun parlaq, müasir, maraqlı xoreoqrafiyası mənim çox xoşuma gəlir.
10) SSRİ xalq artisti İqor Moiseyev
"Min bir gecə" — musiqi, rəqs və təsviri sənətin sıx, qırılmaz ittifaqının rəmzidir, bu sevimli uşaqlıq nağıllarının canlandıran gözəl tamaşadır".
Müəllif: Mirzəyeva Günay
|