Avrosentrizmin
Sonu: Nə etməli?
Avrosentrizm elə bir elmi
tendensiya və siyasi ideologiyadır ki, avropalıların və xüsusən Qərbi Avropa
sivilizasiyasının digər xalqları üzərində mədəni üstünlüyün elan edir və bunu
belə qəbul etməklə bərabər digər xalqların inkişafı üçün bu yolu əsas və yeganə
yol görür və yaxud nümunə kimi qəbul edir. Avrosentrizmə görə bütün digər
xalqlar inkişaf etmək üçün məhz öz inkişaf yolların avropalılar kimi keçməlidirlər
və avropalıların "standartlar” adlı diktəsin qəbul edərək onlarla bu sahədə əməkdaşlıq
etməlidirlər. Avrosentrizm əslində müasir dövrdə siyasi müstəmləkəçilik
tarixinin bir növ bəhanəsi və ya o dövrdə etdiklərinə haqq qazandırılmasıdır.
Avrosentrizm adətən dövlətlərdə
liberal inteligensiya tərəfindən dəstəklənir və elə qərbi avropalılar tərəfindən
də maliyyə dəstəyi alır. Çünki bu cərəyan tərəfdarları avrosentrizmin inkişafı
və daha da möhkəmlənməsi üçün yeni islahatlar tələb edir ki, bu islahatlar dövlətin
iqtisadiyyatda rolun məhdudlaşdırır.
Əgər əvvəllər qeyri avropalı
xalq avropanın elmi-texniki nailiyyətlərin, iqtisadi, intellektual, və digər
nailiyyətlərin passiv bir formada mənimsəyirdisə, XIX əsrin sonu və XX əsrin əvvəllərindən
bu passivlik aktivliklə əvəz olundu və ilk addımları Meydzi islahatları ilə
Yaponiya etdi və Rus-Yapon müharibəsi ilə dünya siyasi səhnəsinə çıxaraq, güclü
hərbi-siyasi Asiya dövləti kimi tarixə düşdü.
Avropanın iqtisadi-siyasi gücü
ilə onu bir MƏRKƏZ edən onun bütün dünyanı əhatə edən koloniyalizm siyasəti idi
və XX əsrin ikinci yarısından sonra onun iqtisadi koloniyalizminin əsas
xüsusiyyətlərindən biri onun kapitalistik xarakter daşıması idi. Bütün Asiya və
Yaponiya daxil uzun müddət Qərb dövlətlərinin vassalı kimi mövcud olsalar da bu
vassallığın sonu və bu dövlətlərin dünyanın siyasi arenasının yeni subyektləri
olması məsələsi ikinci dünya müharibəsindən sonra mümkün oldu. Çünki bu müharibə
bir çox müstəmləkəçi dövlətlərin süqutunu rəsmiləşdirdi digərlərini isə
transformasiya etdi. Artıq Mərkəz və inkişafdan geri qalan periferiya arasında
məkan-coğrafi sərhədləri zaman-zaman əriməyə başladı. Bundan əlavə dünya
müharibəsindən sonra 70-90-cı illərdə artıq bəzi ölkələr iqtisadi möcüzələr
yaradaraq inkişafda çox-çox irəli getdilər və aqrar-sənaye cəmiyyətindən postindustrial
və informasiya cəmiyyətinə qədəm qoydular. Burada söhbət əlbəttə yeni sənaye
ölkələri olan şərqi və cənubi Asiya ölkələri-Cənubi Koreya, Tayvan, Sinqapur,
Malayziya və s. kimi dövlətlərdən gedir.
Buna əsaslanaraq deyə bilərik
ki, İkinci Dünya müharibəsi və ondan sonra qurulan dünya düzəni Avrosentrizmə
son qoymağa başlamışdır və artıq dünyada ümumdünya cəmiyyətinin formalaşmasına
təkan vermişdir desək yanılmarıq. Müstəmləkəçilik sistemi dağıldı və yerinə
dünya siyasətində əsas rol oynayan yeni dövlətlər peyda oldu.
Dünya müharibəsindən sonra
dünyada proseslər heç də biristiqamətli getmədi əksinə iki çox güclü və eyni
zamanda bir-birinə əks bir tendensiya üzrə getdilər:Bir tərəfdən mərkəziyyətçi
və ya mərkəzə meylli və inteqrasiyon bir istiqamət, digər tərəfdən də
dezinteqrasiyon və mərkəziyyətçiliyə qarşı bir istiqamət idi. Bu halı biz belə
bir vəziyyət ilə müqayisə edə bilərik:dünyanın bir tərəfində beynəlmilliləşmə və
qloballaşma gedirsə, digər tərəfində avtonomizasiya və antiqloballaşma gedir.
Burada məsələ ondan ibarətdir ki, Şərq artıq iqtisadi baxımdan o qədər inkişaf
edib və dinamik iqtisadiyyat qurub ki, Qərbin qloballaşma siyasətinə və beynəmilləşlədirmə
siyasətinə onun Şərqə istiqamətlənən iqtisadi ekspansiyası və eyni zamanda Şərqi
sosial deqradasiyaya aparma kimi nəzərdən keçirirlər. Çin hesab edir ki, təkbaşına
uzaq şərqdə inteqrasiya proseslərinə rəhbərlik edə və bu prosesləri idarə edə
bilər. Bu artıq o anlama gəlir ki, Şərq də Qərb qədər siyasi və iqtisadi gücə
malikdir. Amma unutmayaq ki, Şərq hələ Qərb kimi institusional səviyyədə
inteqrasiya etməyib və güclənməyib. Bütün bunlara baxmayaraq əsas bir hadisə
baş verib: Dünya Qərb tarixindən ümumdünya tarixinə qədəm qoyub. Artıq tarixi
avroatlantik sivilizasiya yazmır.
Şərqin yeni bir dünya mərkəzlərindən
biri kimi inkişaf etməsi və bu inkişafın əsas fərqləndirici xüsusiyyətinin
böyük dinamikaya və novatorluğa malik olması fonunda Qərb sivilizasiyası heç də
gözlənilən kimi inkişaf etmir və əksinə bəzi alimlərin iddialarına görə dağılmağa
doğru gedir. Hesab edirəm ki, dünyada hər şey keçiçilik və dəyişkənlik xüsusiyyətinə
malikdir. Xalqlar, dillər, irqlər, mədəniyyətlər hətta böyük sivilizasiyalar
belə tarix səhnəsindən keçir gedir və onları yeniləri əvəz edir. Ya yenilənməli
və həyati enerjini təzələndirməlisən yaxud da tarix səhnəsindən çıxıb getməlisən.
Avropa Birliyi müasir dövrdə avropalıların əldə edəcəyi ən böyük uğur idi.
Lakin avropalılar mənəviyyatı məhv edib öz həyat fəlsəfələrinə rasionalizmi və sekulyarizmi
(dünyəvilədirməni) əlavə etmələri və
ancaq da bununla kifayətlənmələri onları məhvə doğru apardı. Belə ki, artıq cəmiyyətdə
ailə normalarının deqradasiyası ilə demoqrafik böhran baş qaldırıb, artıq
demokratik cəmiyyət anlayışı əriyib və yerinə ayrı-ayrı şəxslərin və ya şirkətlərin
maraqları gəlib. Cəmiyyət əsasının qoyulduğu dəyərlər haqqında düşünsə və
yaşasa da idarə edənlər və əsas qüvvələr bunu etmir. Mədəni sahədə artıq
avropalıların cəmiyyəti bir o qədər də novatorçu və produktiv deyildir. Avropa
cəmiyyətinin antixristianist düşüncə tərzi və ifrat azadlıq fəlsəfəsi onu məhvə
doğru aparan bir zaman bombasına çevrildi.
Əlbəttə burada rasionalizmə
qarşı çıxmaq olmaz və qarşı çıxmırıq da. Çünki rasionalizm fəlsəfəsi ilə
inkişaf edən elm, həyatı daha rahat daha zəngin və daha uyğun etdi. İnsanların
düşünmədiyi və hətta xəyal belə edə bilmədiyi bir elmi-texniki nailiyyətlər məhz
rasionalizm sahəsində əldə olundu və bundan sonra da əldə olunacaq və bu fəlsəfi
cərəyan elmə çox yeniliklər gətirəcək. Ancaq ifrat dərəcədə rasionalizmə varmaq
və insanın dərk edə bilmək imkanında ola bilmədiyi və ya hələ bir sivilizasiya
olaraq gəlib çatmadığı zirvələrin mövcud olmadığı iddia etmək avropalıların
qarşısında indi problem yaradıb. İfrat rasionalizm avropalıların inkişafına bir
mənəvi çərçivə cızdı ki, ondan kənara çıxa bilməyəcəklər. İndi seçim olmalıdır:
ya avrosentrizmin məğlubiyyətin qəbul edib yeni bir yol seçərək transformasiya
etmək ya da parçalanaraq yeni gələn sivilizasiyalar üçün bir beşik olmaq.
İnanaq ki, Avropa Birliyi transformasiya etmiş bir cəmiyyət quracaq və
qloballaşmanın iqtisadi ekspansiya təbiətin dəyişdirib əməkdaşlıq etmək istəyən
və vahid məkan yaratmaq istəyən bir aksiyaya çevirəcək.
Belə olan tərzdə kiçik dövlət
olan Azərbaycan nə etməlidir. Əlbəttə, artıq bir mərkəz yoxdur və artıq
informasiya-kommunikasiya texnologiyaları elə bir səviyyədə əlçatan olub ki, hər bir dövlət onları mənimsəyə və
özünün yeniliklərin əlavə edə bilər. Azərbaycan da məhz bu sahədə öz addımların
atmalıdır. Təhsil prioritet məsələ olaraq seçilməli və ən münbit şərait məhz təhsil
sistemində olmalıdır. Avropa məkanı ideal və yeganə inteqrasiyon məkan kimi dərk
olunmalı və qəbul olunmalı deyil. Azərbaycan Türkiyə, Mərkəzi Asiya, Qafqaz
kimi inteqrasiyon variantları nəzərdən keçirməli və bu variantlardan istifadə
etməlidir. Hesab edirəm ki, Azərbaycan ilk öncə Qafqazlarda güclü bir mərkəziyyətçi
rolun oynamalıdır və inteqrasiyanın əsas hərəkətverici qüvvəsi olmalıdır. Bunun
üçün ölkənin ilkin olaraq həyat səviyyəsi çox yüksək olmalıdır, mənəvi dəyərləri
yüksək səviyyədə olmalı və vətəndaşların özlərini ifadə etmələri üçün hüquqi
baxımdan ən üstün məkan və mühit qurulmalıdır. AR-in öz milli burjuaziyası
formalaşaraq regionun digər hissələrinə böyük iqtisadi yatırımlar edərək və
layihələr həyata keçirərək üstünlüyü qazanmalıdır. Beynəlxalq məsələlər üzrə
ekspert İ.Toğrulun dediyi kimi "Zəngin karbohidrogen ehtiyatlarına sahib Azərbaycanın
dünya dənizlərinə birbaşa çıxışı olmadığı üçün öz məhsullarını dünya bazarına
çıxartmaq üçün Gürcüstan ərazisindən istifadə etməkdədir. Məhz bu səbəbdən belə
müstəqil Gürcüstanın mövcudluğu Azərbaycanın müstəqilliyinin təminatı üçün çox
vacib amildir”. Gürcüstan iqtisadiyyatında böyük paya sahib olmaqla Azərbaycan
Qafqazda inteqrasiya proseslərinə rəhbərlik edər və bu Qafqazın vahid ev
olmasında böyük töhvəsin verər. İkinci ən böyük strateji seçim isə artıq Türkiyə
və Mərkəzi Asiya arasında körpü rolun oynamaq və eyni zamanda da onlara uğurlu
inteqrasiyon qurum kimi özünü nümunə olaraq göstərməkdir. Azərbaycanda icra
olunan uğurlu inteqrasiyon model yeganə nümunə ola biləcək bir modeldir. "Azərbaycan
modeli” Mərkəzi Asiyanı ayrıca inteqrasiya etdirməli daha sonra isə Türkiyə
daxili islahatları ilə inteqrasiya üçün mühit formalaşdırmalıdır. Ən son addım
artıq Türkiyə, Qafqaz və Mərkəzi Asiyanın vahid siyasi-iqtisadi təşkilatda birləşmələri
olmalıdır. Son nəticə kimi qeyd edək ki, Türkiyə və Mərkəzi Asiya vahid
inteqrasiyon məkanda birləşmək istəyirlərsə buna təkanı yalnız Qafqazda Azərbaycanın
rəhbərliyi ilə uğurla nəticələnəcək İnteqrasiyon model nümunə ola bilər.
Bu inteqrasiyon layihə uzun
müddət və əmək istəyəcək. Bütün dövlətlərin rəhbərlərindən siyasi iradə istəyəcək.
Eyni zamanda həm Qafqazda həm də Mərkəzi Asiyada bu inteqrasiyon proseslərə ilk
mane olan "Avrasiya İttifaqı” layihəsi ilə Rusiya və Çin olacaq. İndiki zamanda
isə Mərkəzi Asiya və Türkiyənin fərqli siyasi cəbhələrdə olduqlarını və Azərbaycanın
da Qarabağ kimi böyük bir problem yaşaması bizə ondan xəbər verir ki, Azərbaycan,
Türkiyə və Mərkəzi Asiya sadəcə olaraq hər biri ayrıca dövlət kimi möhkəmlənməli
və özləri iqtisadi baxımdan müstəqilləşdikdən sonra inteqrasiya prosesləri üçün
ilkin olaraq mənəvi-ideoloji fəaliyyətə başlamalıdırlar və eyni zamanda da Qərbin,
Rusiya və Çinin basqılarına qarşı neytral və ya müdafiə mövqeyində
durmalıdırlar. Rusiyanın bizə gələcəkdə hər hansı bir formada "süqut etmiş SSRİ-nin sərhədlərin bərpa edən”
bir inteqrasiya layihəsi təklif edəcəyinə heç şübhə etmirəm. İndiki dövrdə də
Rusiya mediasında V.Putinin yeni prezident seçiləcəyi təqdirdə SSRİ-ni bərpa edəcək
yeni bir regional layihə icrasına başlayacağı deyilir. Hesab edirəm ki, ilk öncə
bu inteqrasiyanın əsasını nə təşkil edəcəyini nəzərdən keçirmək lazımdır. Əgər
bu inteqrasiyon layihə bizi yenə rus imperializminin qurbanı edəcəksə buna razı
olmağa dəyməz. SSRİ-nin yaranması zamanı xalqımız ən böyük səhvinə imza atdı.
Bunu təkrar etmək artıq bizim məhvimiz demək olardı. Lakin Rusiya bizə sadəcə
olaraq iqtisadi əməkdaşlığı artırmaq və vahid bərabər bir inkişaf şəraiti və ya
mühiti formalaşdıran və hər üzv dövlətin milli suverenliyin tam qoruyan, Qərbin
iqtisadi ekspansiyasına qarşı olan bir layihə təklif edəcəksə bunu nəzərdən
keçirməyə və dəyərləndirməyə dəyər. Çox məsuliyyətli və əhəmiyyətli addım
olacaqdır. Rusiya bizim razılığımızı əldə etmək üçün düşünürəm ki, Ermənistandan
qoşunların çıxarmalı, Qarabağı bizə qaytarmalı və Türkiyə ilə sıx əməkdaşlığımıza
razı olmalıdır. Əks halda razılaşmaq aldadılmaq olacaqdır.
|