Sizin Milli İntellektual Məkan
Четверг, 02.05.2024, 08:17
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Dini

Namazın İslamda yeri
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” (Ali İmran surəsi, 102.)
Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan da zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə biri-birimizdən cürbəcür şeylər istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edəndir! ” (ən-Nisə surəsi, 1)
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Əgər belə etsəniz Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar ” (əl-Əhzab surəsi, 70-71)

Namazın mənası
Əziz qardaş və bacılarım! Allahın biz insanlara vacib buyurduğu ibadətlərin arasında namaz, ən önəmli yerlərdən birini tutur. Əbəs yerə el arasında “Namaz ibadətin qəlbidir!” deməyiblər. Namazın hər rüknunun bir qiyməti vardır. Məhz namaz vasitəsilə qul, onu yaradanın qarşısında səcdə etmək kimi ən gözəl rükunu yerinə yetirir. Namaz qılaraq bəndə öz Rəbbinə yaxınlaşmaq şansı qazanır. Sanki hər gün müəyyən edilmiş vaxtlarda Allahı ilə ünsiyyətdə olur. Elə bu ünsiyyətin sevinci, mənəvi təmizliyi, rahatlığı o insanın bütün gününə sirayət edir. Namaz qıldıqca insan ruhən bir sakitliyə, günahlardan təmizlənməyə nail olur. Bu ibadətin mənəviyyatımıza təsirini heç nə ilə müqayisə etmək mümkün deyil.

Namaz sözü ərəb dilində dua deməkdir. Uca Allah buyurur: “Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir”. ( ət-Tövbə surəsi, 103)

Namaz sözü Allaha şamil edildikdə gözəl tərif, məxluqata şamil edildikdə isə dua və ibadət mənasını verir. Uca Allah buyurur: “Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın” ( əl-Əhzab surəsi, 56)
Uca Allah bu ayədə “xeyir dua” dedikdə ərəb dilindəki namaz sözünü istifadə etmişdir.

Namazın dində (şərii) mənasına gəldikdə isə; məlum olan xüsusi kəlmələri ifadə etmək və hərəkətləri yerinə yetirməklə, təkbirlə başlayıb, təslimlə qurtaran, niyyət ilə olunan ibadətə deyilir.
Namaz kəlməsi bu ibadətin Allah tərəfindən vacib buyurulduğu vaxta qədər hər bir duaya, sonra isə yalnız namaza deyilməyə başlandı.

Namazın hökmü
Namaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir. Təəssüf ki, cəmiyyətimizdə “hələ tezdir, cavanam”, “qocalanda namaza başlayaram”, “qırx yaşından sonra namaz qılacağam” kimi fikirlər bəzi insanları namaz kimi gözəl ibadətdən yayındırır. İnsanlar bu ibadətin sanki yalnız qocalar üçün fərz olduğu qənaətinə gəliblər. Buna Quran və sünnə dəlalət edir. Uca Allah buyurur: “Halbuki onlara ancaq Allaha – dini məhz Ona məxsus edərək həniflər kimi – ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də budur!” ( əl-Beyyinə surəsi, 5) Başqa ayədə deyilir: “Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir”. ( ən-Nisə surəsi, 103)
Gün ərzində beş vaxt namaz qılmağın vacibliyi isə Peyğəmbərdən (s.a.s) varid olan mötəbər hədislərdə öz əksini tapmışdır. Peyğəmbər (s.a.s) Muaz ibn Cəbəli (r.a) Yəmənə göndərərkən ona belə demişdir: “Sən Kitab əhlinin yanına gedirsən. Onları Allahdan başqa tanrı olmadığına və mənim Allahın elçisi olduğuma şahidlik etməyə dəvət et! Əgər bunu qəbul etsələr, onlara bildir ki, Allah, gün ərzində beş vaxt namaz qılmağı vacib buyurmuşdur.” ( Buxari 8, Müslim 16)
Başqa bir hədisdə namazın İslamda beş əsasından biri olduğu qeyd olunur. İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ilahın olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq”. ( Əbu Davud 1420, Albani bu hədisi səhihləşdirmişdir.)

Namazın İslamda yeri
Namazın İslamda əzəmətli və çox mühüm bir yeri vardır. Onun yerini başqa heç bir ibadətlə doldurmaq mümkün deyil. Gəlin, ətrafımıza nəzər salaq – insanlar sanki bir darıxmaq xəstəliyinə tutulublar. Hamı darıxır! Səbəbini soruşduqda isə, çox vaxt cavabı belə olur “Heç özüm də bilmirəm”. Hazırda psixoloqlar insanların mənəviyyatını sarsıdan bu darıxmaq xəstəliyinin çarəsini araşdırırlar. Ruhən hiss etdikləri boşluq onlarda heç bir şeyə ehtiyacları olmadıqları halda da darıxmağa, nəyinsə çatmadığı qənaətinə gəlməyə məcbur edir. Elə bu üzdən də intiharlar baş verir, özünü gərəksiz, tək, kimsəsiz hiss edənlərin sayı durmadan artır. Ruhi aclığını doydura bilməyən insan oğlu çarəni yanlış yerlərdə axtarır. Məhz namaz belə insanların qəlbində olan xəstəlikləri müalicə edir. Bu gün müsəlmanların nəinki həyat tərzlərində, hətta əxlaqlarında belə xətalara yol vermələrinin başlıca səbəbi namazlarının lazımı şəkildə olmamağıdır. Çünki “Namaz çirkin və yaramaz işlərdən çəkindirir”
( əl-Ənkəbut surəsi, 45)
Namazın İslamda çox mühüm yeri olduğunu sübut edən bəzi dəlilərə nəzər salaq:
1. Namaz dinin dirəyidir.
Dayağı möhkəm olan şey sarsılmaz. Muaz ibn Cəbəl (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurmuşdur: “Hər bir işin əsası İslam, dayağı namaz və zirvəsi isə cihaddır”. (Tirmizi 2616, Albani hədisi səhihləşdirmişdir.)
2. Qiyamət günü ilk soruşulacaq əməldir.
Hansı insan bu sorğu-sualdan üzü ağ çıxsa, o biri əməllərinin sorğu-sualından da yaxşı çıxmağa Allah ona kömək edər. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Qiyamət günü hər bir bəndədən soruşulacaq ilk əməl namaz olacaq. Namazına doğru-düzgün əməl etmişsə nicat tapacaq, əks təqdirdə isə ziyana uğrayacaqdır”.( Tabarani 532, Albani səhihləşdirmişdir.)
3. Dindən ən son unudulan şey namaz olacaq.
Əbu Uməmə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “İnsanların ilk itirdiyi şey əmanət olacaqdır. Axırda isə namazdan başqa bir şey qalmayacaq və elə namaz qılanlar olacaqdır ki, onların əməllərində heç bir fayda olmayacaqdır”.( Tabarani 4425, Albani səhihləşdirmişdir.)
4. Peyğəmbərin (s.a.s) ümmətinə etdiyi son vəsiyyətidir.
Hər bir insan son olaraq ən vacib şeyləri vəsiyyət edər. Ummu Sələmə (r.a) rəvayət edir ki, “Namaz qılın! Namaz qılın! Kölələrinizlə gözəl rəftar edin” sözü Peyğəmbərimizin son vəsiyyətlərindən biri olmuşdur. ( Əhməd (6-290, 311, 321) Albani səhihləşdirmişdir.)
5. Uca Allahın namaz qılanları, habelə bunu ailəsinə əmr edənləri tərifləməsi.
Gözəl əməllər hər zaman tərifə layiq olmuşdur. Uca Allah buyurur: “Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O bir elçi və peyğəmbər idi. O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı”. ( Məryəm surəsi, 54, 55)
6. Uca Allahın namaz qılmayanları və ya onu tənbəlliklə qılanları pisləməsi.
Gözəl əməlləri tərk edən kəs hər zaman tənbeh olunmuşlar. Uca Allah bu xüsusda buyurur: “Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. (Məryəm surəsi, 59)
Başqa bir ayədə buyurur: “Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər”. ( ən-Nisə surəsi , 142)
7. İlk dəfə namazın gün ərzində əlli dəfə vacib buyurulması.
Namazın ilk olaraq gün ərzində əlli dəfə vacib buyurulması onun Allah dərgahında nə qədər mühüm bir ibadət olmasından xəbər verir. Hətta Uca Allah namazın vaxtlarını gün ərzində beş dəfəyə endirsə də savabının isə əlli namazın savabı qədər saxlaması buna bir daha sübutdur.
8. Uca Allah nicat tapanların əməllərini zikr edərkən namaz ilə başlaması və namaz ilə bitirməsi namazın mühümlüyünü göstərir. Uca Allah buyurur: “Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslər ki, sözbazlıqdan qaçırlar, o kəslər ki, zəkat verirlər, o kəslər ki, öz cinsi orqanlarını həmişə qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır. O kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar”. ( əl-Muminun surəsi, 1-9)
9. Uca Allahın Peyğəmbərə (s.a.s) onun ardınca gedənlərə və ailələrinə namazı əmr etməsi. Allahın özünə ən yaxın bəndəsi olan Muhəmməd peyğəmbərə (s.a.s) namazı əmr etməsi onun vacibliyinin ən yüksək səviyyədə olduğunu təsdiq edir. Allah buyurur: “Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır”. (Taha surəsi, 132)
Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Övladlarınız yeddi yaşına çatanda onlara namaz qılmağı öyrədin. On yaşına çatanda isə onları buna görə tənbeh edin və yataqlarını ayırın”. ( Əbu Davud 495, Albani səhihləşdirmişdir)
10. Unutduqda və ya yatıb qaldıqda belə sonradan namazın qılınmasının əmr olunması onun əhəmiyyətini bildirir.
Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Namaz qılmağı unutmuş və ya yatıb qalmış müsəlmanın kəffarəsi yadına düşən kimi onu qılmasıdır”. ( Buxari 598, Muslim 684)

Namazın İslamda xüsusiyyətləri
Namaz digər yaxşı əməllərdən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Bu özəlliklər onun qiymətini daha da artırır. Elə buna görə də insanların əksəriyyəti namaz qılmağa başladıqdan sonra “kaş mən namaza daha əvvəl başlayardım” deyə heyfsilənirlər. Heç bir şeyə bənzəməyən bu hissi dadan insan onun ləzzətini qəlbində daşıyır və sırf Allah rizası üçün etdiyi bu təkrarsız ibadətin zövqünü yaşayır. Namazın əsas xüsusiyyətlərindən bəziləri bunlardır:
1. Uca Allah namazı iman adlandırır.
Allah buyurur: “Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir”
(əl-Bəqərə surəsi, 143)
2. İslamın başqa ibadətlərindən fərqli olaraq namazın Allah tərəfindən ayrıca zikr olunması.
Hər zaman mühüm şeylər ayrıca olaraq qeyd olunur. Allah buyurur: “Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər”. ( əl-Ənbiya surəsi, 73) Namaz xeyir işlərə aid olsa da belə Allah xeyirli işləri qeyd etdikdən sonra namazı bir daha vurğulayır.
3. Quranda bir çox ibadətlərlə yanaşı qeyd edilməsi.
Uca Allah buyurur: “Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!” ( əl-Bəqərə surəsi, 43) Başqa ayədə deyilir: “Elə isə Rəbbin üçün namaz qıl və qurban kəs!” ( əl-Kövsar surəsi, 2) Başqa bir ayədə deyilir: “De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!” (əl-Ənam surəsi, 162) Quranda bu mənada ayələr çoxdur.
4. Allah, hər bir halda bu ibadəti yerinə yetirməyi vacib buyurmuşdur.
Bu ibadət başqa ibadətlərdən fərqli olaraq hər bir halda yerinə yetirilməlidir. İstər cihadda, istər səfərdə, istərsə də başqa hallarda bu ibadəti yerinə yetirmək vacibdir. Hətta ayaq üstə namazı qılmağa gücü çatmayanların onu oturaraq, buna da gücü yetməyənlərin isə uzanmış vəziyyətdə qılmalarının vacibliyi onun tərk edilməz bir ibadət olduğunu bir daha təsdiq edir.
5. Başqa ibadətlərdən fərqli olaraq daha kamil halda yerinə yetirilməlidir.
Təmizlənmək, gözəl paltar geyinmək, qibləyə tərəf yönəlmək və s. bu kimi şərtlər başqa ibadətlərdə tələb olunmur. Namazın kamil halda yerinə yetirilməsinin vacibliyi onun Allah qatında ən yüksək yer tutduğuna dəlalət edir.
6. Namaz qıldıqda hər bir bədən üzvündən istifadə etmək.
Qəlb, dil və digər bədən üzvlərindən istifadə etmək başqa ibadətlərin heç birində yoxdur. Namazın cismən, qəlbən və ruhən edilən bir ibadət olması insanı onu Yaradana daha da yaxınlaşdırır ki, bu da onu digər ibadətlərdən daha üstün edir.
7. Bu ibadəti yerinə yetirdikdə başqa işlə məşğul olmamaq.
Namaz qılarkən yemək, içmək, gülmək və s. lazımsız hərəkətlər etmək, hətta namazdan ayrı bir şey barədə fikirləşmək olmaz. Bütün bunlar namazın ciddi bir ibadət olduğundan xəbər verir.
8. Allahın göndərdiyi hər bir dində vacib buyurulması.
Elə bir Peyğəmbər gəlməyib ki, öz qövmünə namaz qılmağı əmr etməsin. Namazın bu xüsusiyyəti onu digər ibadətlərdən daha üstün edir. İbrahim (a.s) belə dua etmişdir: “Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!” ( İbarhim surəsi, 40) Allah Musaya (ə.s) belə buyurmuşdur: “Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!” ( Taha surəsi, 14) Allah Muhəmməd peyğəmbərə (s.a.s) buyurub demişdir: “Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır”. ( Taha surəsi 132)

Namazın fəziləti
Namaz təkcə insanın mənəvi boşluğunu dolduran bir ibadət deyildir. Onun əhatə etdiyi mövzulara toxunmaq üçün bir kitab yazmaq təbii ki, yetərli deyildir. Ancaq biz çalışırıq ki, onun ən mühüm amillərini sizin diqqətinizə çatdıraq. Bu amillərdən ən başlıcası da namazın fəzilətidir.
Namazın fəzilətini başa düşüb onu qılmamaq qeyri-mümkündür. Namaz öz fəziləti ilə sanki gözəgörünməz bir sipər çəkib insanı pisliklərdən və günahlara meyl etməkdən uzaqlaşdırır. Müsəlmanın vaxtlı-vaxtında, həm də Allaha müti olaraq qıldığı namaz onun günahlardan təmizlənməsi üçün ən gözəl vasitədir. Hər bir bəndəni Rəbbinə yaxınlaşdıran namaz sanki bir nur olub onun arzuladığı Cənnətə düşməsinə səbəbdir. Namazın fəzilətləri bitməz-tükənməzdir. Ən mühümləri isə bunlardır:
1. Pis və murdar işlərdən çəkindirir.
Gündə beş vaxt namaz qılmaq insana Allah qorxusunu və Qiyamət gününü xatırladır. Bu da insanı pis və çirkin əməllərdən çəkindirir. Uca Allah buyurur: “Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.”
( əl-Ənkəbut surəsi, 45)
2. Şəhadətdən sonra ən əfzəl əməldir.
Şəhadət gətirib İslam dinini qəbul etdikdən sonra, namaz qılmaq ən əfzəl əməl sayılır. Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, mən Peyğəmbərdən (s.a.s) soruşdum: “Qüdrətli və əzəmətli Allahın ən çox xoşuna gələn ən yaxşı əməl hansıdır?” O buyurdu: “Vaxtlı-vaxtında qılınan namaz”. Mən dedim: “Sonra hansıdır?” O buyurdu: “Valideynlərin qayğısına qalmaq.” Mən yenə soruşdum: “Bəs sonra hansıdır?” O buyurdu: “Allah yolunda cihad etmək.” (Buxari 7524, Muslim 85)
3. Səhvləri və günahları silib aparır.
Səhvsiz və günahsız insan yoxdur. Allahın bizə olan mərhəmətidir ki, qıldığımız namaz günahlarımızı silib aparır. Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Bir deyin görüm, sizlərdən birinin qapısının önündən çay axsa, o da hər gün bu çayda beş dəfə yuyunsa, onun bədənində olan çirkabdan bir şey qalarmı? Beş vaxt qılınan namazların məsəli də buna bənzəyir. Belə ki, Allah bu namazlarla günahları silib aparır!” (Buxari 1/197)
4. Namaz, onu qılan adam üçün həm bu dünyada, həm də axirətdə nurdur.
Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) bir dəfə namaz haqqında danışarkən belə dedi: “Kim namazlarını vaxtlı-vaxtında qılsa, Qiyamət günü bu namazlar onun üçün bir nur, bir dəlil-sübut olar, həm də ona uğur qazandırar. Namazlara səhlənkar yanaşıb onları vaxtlı-vaxtında qılmazsa, bu onun üçün nə bir nur, nə də bir dəlil-sübut olar, üstəlik o, ziyana uğrayar. Belələri, Qiyamət günü Qarun, Firon, Haman və Ubey ibn Xələf ilə bərabər həşr olunarlar.” ( Əhməd 2-169 Dərimi 2-301)
5. Allah bununla namaz sahibinin dərəcəsini artırır.
Uca Allahın namazı kamil şəkildə qılan hər bir müsəlmanın dərəcəsini artırması və günahlarını silməsi həmin müsəlman üçün böyük lütfdür. Sovbən (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) ona demişdir: “Allaha çoxlu-çoxlu ibadət et! Qılacağın elə bir səcdə olmaz ki, Allah onunla sənin dərəcəni artırmasın və günahlarından birini silmiş olmasın.” ( Muslim 488)
6. Cənnətə daxil olmaq üçün ən böyük səbəbdir.
Sözsüz ki, namazın ən əsas fəziləti onun Cənnətə daxil olmaq üçün ən böyük səbəb olmasıdır. Uca Allah buyurur: “Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar – günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik”.

Ayədən açıq-aydın görünür ki, insanı Cənnətdən uzaqlaşdırıb Cəhənnəmə salan ən böyük amillərdən biri namaz qılmamaqdır.
7. Namaz qılmaq üçün məscidə getmək günahları silir və savabları artırır.
Ən vacib ibadət olan namazı qılmaq üçün məscidə tərəf atılan hər addım ilə bir günahın silinməsi və bir savabın yazılması bu ibadəti daha da fəzilətli edir. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Kim evində dəstəmaz alıb, vacib buyurulan namazı qılmaq məqsədi ilə məscidlərin birinə gedərsə, atdığı addımlardan hər biri onun bir günahını silər digəri isə savabını artırar.” (Muslim 666)
8. Allah, məscidə gedən bəndəsi üçün Cənnətdə ziyafət hazırlayar.
Məsciddə qılınan namaz Allah qatında daha fəzilətli olduğundan, Uca Allah qılınan hər namaz üçün Cənnətdə ziyafət hazırlayar. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurmuşdur: “Kim namaz qılmaq üçün məscidə getsə, Allah ona Cənnətdə ziyafət verər.” (Buxari 622 və Muslim 669)
9. İki namaz arasındakı günahlar bağışlanar.
İki namaz arasında olan müddətdə qazanılan kiçik günahların namaz vasitəsi ilə silinməsi onun fəzilətinə dəlalət edir. Osman ibn Affan (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Gözəl tərzdə dəstəmaz alıb namazını qılan elə bir müsəlman yoxdur ki, Allah onun namazları arasında olan günahlarını bağışlamış olmasın”. ( Muslim 227)
10. Namazı gözləmək Allah yolunda keşik çəkmək kimidir.
Allah qatında namazın fəziləti o qədər böyükdür ki, hətta növbəti namazı gözləməyin özü insana böyük savab qazandırır. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Sizə elə bir şey öyrədimmi ki, Allah onun sayəsində həm günahlarınızı bağışlasın, həm də savabınızı artırsın? Səhabələr: “Öyrət, ya Rəsulallah!” - dedilər. Peyğəmbər (s.a.s) buyurdu: “Soyuq havada olsa belə dəstəmazı tam şəkildə alıb mütəmadi olaraq məscidə getmək, namazı bitirdikdən sonra növbəti namazı gözləmək, sizin üçün ribatdır.”
(Muslim 251)
Hədisdə qeyd olunmuş “ribat” kəlməsi Allah yolunda keşik çəkmək deməkdir.

Namaz qılmayanın aqibəti
Yaradılış etibarı ilə fitrətində ibadət etmək hissi olan Adəm oğlu təəssüf ki, çox vaxt şeytanın vəsvəsələrinə, dünyanın yalançı və müvəqqəti bər-bəzəyinə, öz nəfsi və şəhvani istəklərinə uyub ibadətin qəlbi olan namazdan özünü məhrum edir. Nə itirdiyinin, hansı yolda olduğunun fərqinə varmır. Ayılanda isə artıq gec olur. Geriyə yol olmadığını dərk edir. Əsl həqiqətlə üz-üzə, göz-gözə qalır. Nə qaçacaq bir yer, nə də bir sığınacaq tapa bilmir. Yalnız ölümü daddıqdan sonra başlayan axirət həyatının əbədi sakinlərindən biri olur. Ancaq axirət həyatını bu müvəqqəti həyata dəyişdiyinin acısını hiss edərək yenidən dünyaya dönmək, imtahandan üzüağ çıxmaq üçün yalvarır. Uca Allah onların halını vəsf edərək deyir: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm” ( əl-Muminun surəsi , 99-100) Bir başqa ayədə isə buyurur: “Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!" (əl-Furqan, 27, 28)
Lakin bu həyat hər birimizə bir dəfə verilir. Anadan olduğumuz gündən sanki geriyə sayım başlayır. Hər açılan sabahla öz əbədi həyatımıza bir addım daha yaxınlaşırıq. Odur ki, Uca Allahın bu ayəsini daim xatırlayın və düşünün: “Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!” Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə endirilən ən gözəl Sözə tabe olun!” (əz-Zumər, 53-55)
Deməli ilk sorğuya çəkiləcəyimiz ibadət olan namazı bir gün olsun belə ləngitmədən qılmalı onun fəzilətindən özümüzü məhrum etməməliyik. Əks halda vəziyyətimiz çox acınacaqlı olar. Allah bu haqda belə buyurur: “Baldır açılacağı və onlar səcdəyə dəvət olunacaqları, lakin buna qadir olmayacaqları gün – onların gözləri zəlil görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada sağ-salamat ikən səcdəyə dəvət olunurdular.” (əl-Qələm surəsi, 42, 43)
Həmçinin yalnız namaz qılmaqla kifayətlənməli deyil, Allahın razı qalacağı yaxşı əməlləri çoxaltmalıyıq. Haqq-hesab gününü bir an olsun unutmamalı, ona səmimi qəlbdən iman gətirməliyik. Qurani-Kərimdə belə buyurulur: “Hər bir kəs qazandığının girovuna çevrilir, sağ tərəf sahiblərindən başqa. Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar – günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik. Kasıbı da yedizdirməzdik. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq, və Haqq-hesab gününü yalan sayardıq.” (əl-Muddəssir surəsi, 38-46)
Çox acınacaqlı bir haldır ki, bəzən cəmiyyətimizdə namaz qılmağa başlayıb sonra onu müxtəlif bəhanələri səbəb gətirərək tərk edənlərə də rast gəlirik. Nə qədər ki, Allahın tövbə qapıları onlara açıqdır, deməli gec deyil. Tərk etdikləri bu gözəl ibadətə tövbə edib yenidən qovuşmaqla həm dünyanı, həm də axirəti qazana bilərlər. Uca Allah buyurur: “Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar” (Məryəm surəsi, 59)
Namaz qılmayan insanların Quran ayələrində təsvir edilən aqibətlərini heç kim arzulamaz. Ona görə də nə qədər ibadət etməyə fürsətimiz var, ondan istifadə etməliyik. Bir günü belə boş-boşuna keçirmək olmaz. Əli ibn Əbu Talib (r.a) öz tələbələrinə həmişə nəsihət edib deyərdi: "Həqiqətən, dünya gəldi-gedərdi və o, artıq geridə qalmışdır. Axirət isə qarşıda hər kəsi gözləməkdədir. İkisinin də öz oğulları (qəlbən ona bağlı olan adamlar) vardır. Siz dünya oğullarından deyil, axirət oğullarından olun! Bu gün bir iş görürsünüz, amma sorğu-sual olunmursunuz. Sabah isə sorğu-sual olunacaq və heç bir iş görə bilməyəcəksiniz." (Camiul-Ulum vəl Hikəm, ibn Rəcəb.)
Ölümün nə zaman gələcəyi bəlli deyil. Dünya həyatının aldadıcı gözəlliyinə əbədi həyatımızı qurban verməyə dəyməz. İbadətlərin ən önəmlisi olan namazı sevək və yerinə yetirək ki, o da öz fəziləti ilə bizlərə axirətdə sevinənlərdən olmağımıza bir vasitə olsun.

Sonda Uca Allahdan istəyimiz budur ki, bizi Öz sevdiyi və razı qaldığı əməlləri yerinə yetirməyə müvəffəq etsin! Amin!!!

Müəllif: Ramil Soltanov
Mənbə:www.azerislam.com
Категория: Dini | Добавил: Fazik (16.11.2008)
Просмотров: 1695 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024