Sizin Milli İntellektual Məkan
Суббота, 04.05.2024, 01:57
ГлавнаяРегистрацияВход Приветствую Вас Гость | RSS

Menyumuz

Kateqoriyalar
Beynelxalq Senedler. [1] Siyasi [25] Dini [3]

Giriş Yeri

www.mim.ucoz.org

Bizim Sorğumuz
Hansı dövlətə aid araşdırma istəyirsiniz?
Всего ответов: 625

Главная » Статьи » Maraqlı. » Siyasi

NATO-NUN CƏNUBI QAFQAZDA MARAQLARI VƏ İRAN
NATO-NUN CƏNUBI QAFQAZDA MARAQLARI VƏ İRAN

   Beynəlxalq təşkilat olaraq, NATO müasir dünyada siyasi vəziyyətə getdikcə daha ciddi təsir göstərir. Təşkilatın keçmiş SSRİ məkanındakı hadisələrə müdaxilə etməsi əsasən onunla bağlıdır ki, postsovet məkanında yaranmış yeni dövlətlərdə baş verən milli, etnik, ərazi münaqişələri bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün təhlükə yaradır. Hərbi-siyasi təşkilat kimi isə NATO bütün dünyada, o cümlədən postsovet məkanında münaqişələrin ləğv edilməsində öz rolunu artırmağa, bu ölkələrlə siyasi və iqtisadi böhranın aradan qaldırılmasına, demokratik islahatlar keçirilməsinə zəruri kömək göstərməyə çalışır. NATO şəraitə uyğun olaraq öz vəzifələrini daim yenidən müəyyənləşdirir, dünya siyasətində öz təsirini və xüsusi çəkisini artırmağa səy göstərir.

   1994-cü il 10-11 yanvarda NATO üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Brüsseldə görüşü keçirildi. Görüşün yekunlarına dair bəyanat qəbul olundu. Sənəddə beynəlxalq və regional siyasi şəraitin aktual problemləri barəsində NATO-nun mövqeyi əks olunmuşdu. Bəyanatın 21-ci bəndində NATO-nun üzvü olan ölkələr Güney Qafqazda vəziyyət haqqında öz mövqelərini bildirdilər [10]. Bəyanat yenə də mülayimliyi baxımından əvvəlkilərindən fərqlənmirdi. Güc işlədilməsi ilə ərazilər ələ keçirilməsini pisləyən NATO ölkələri Ermənistan, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmət edilməsini həmin bölgədə sülhün, sabitliyin, əməkdaşlığın bərqərar olması üçün zəruri hesab edirdilər [3, s. 66]. 
   NATO-nun Güney Qafqaz strategiyasında üç respublika ilə eyni dərəcədə əməkdaşlığın planlaşdırılmasıdır. NATO Güney Qafqaz respublikaları ilə ayrı-ayrılıqda yaratdığı münasibətlərin bir-birinə xələl gətirəcək istiqamətdə inkişafına imkan verməməyə çalışır. Təşkilatın Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional formatda əməkdaşlıq təklifləri də bu məntiqdən qaynaqlanır [11, 102-108]. 
   İran rəhbərliyi regional təhlükəsizlik sisteminə dair yeni formula (3+3), yəni Cənubi Qafqaz respublikaları + Rusiya, İran və Türkiyə formulunu irəli sürdü. ABŞ-ın regiona gəlişini əngəlləmək üçün, İran hətta Vaşinqtonun müttəfiqi və Tehranın əsrlər boyu bölgədə rəqibi olan Türkiyə ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirdi. Rəsmi Tehran bu sistem daxilində 6 dövlətin təhlükəsizlik şuralarının katibləri, parlament sədrləri, həmçinin iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində görüşlərin keçirilməsini və ümumi baxışların formalaşdırılmasını təklif edirdi. Lakin bu təşəbbüs də region dövlətlərinin dəstəyini qazanmadı. Bu bir daha göstərir ki, İranın regional təhlükəsizlik məsələlərinə baxışı digər regional ölkələrin mövqeyi ilə üst-üstə düşmür. İranın regional təhlükəsizlik sisteminə dair bir təklifi 2003-cü ilin aprelində gündəmə gətirildi. İranın xarici işlər naziri Kamal Xərrazinin regionun birgə təhlükəsizlik qüvvələrinin yaradılması təşəbbüsü yenə bölgə dövlətlərinin dəstəyini qazanmadı. Tədqiq olunan dövrdə İranın bölgədəki geostrateji məqsədləri aşağıdakı kimi nəzərdə tutulur:
 – kənar qüvvələrin (ABŞ və Avropa İttifaqı) Cənubi Qafqazda iştirakını mümkün qədər məhdudlaşdırmaq, onların İran sərhədlərinə yaxınlaşmasına imkan verməmək;
 – regional problemləri yalnız məntəqədəki dövlətlərin birgə səyləriylə həll etmək;
 – Xəzər hövzəsi və Güney Qafqaz ölkələrinin birtərəfli addımlarını maksimum neytrallaşdırmaq və proseslərdə birgə iştiraka nail olmaq üçün mexanizm tapmaq;
 – Qərbyönümlü siyasət yeridən region dövlətləri ilə münasibətləri yüksək səviyyədə quraraq, onlara təsir mexanizmlərini müəyyənləşdirmək;
– geostrateji maraqları İranla üst-üstə düşən regional ölkələrilə əməkdaşlığı daha da möhkəmləndirmək.
   İranın regiondakı geosiyasi duruma təsir göstərmək imkanı getdikcə azalır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşması, bölgədə bütün layihələrin Qərbin dəstəyi ilə həyata keçirilməsi İranın regiondakı proseslərdən təcrid olunması ilə nəticələnib. Tehranın ciddi müqavimətinə baxmayaraq, ABŞ artıq ölkənin sərhədlərinə yaxınlaşıb. İranla sərhədyanı ölkələrin əksəriyyətində – Türkiyə, Pakistan, Əfqanıstan, İraq, həmçinin İran körfəzi ölkələrində ABŞ-ın hərbi qüvvələri yerləşdirilib. ABŞ və NATO-nun hərbi qüvvəsi olmadığı İranla həmsərhəd dövlətlər Azərbaycan Respublikası və Türkmənistandır. Bu amil Azərbaycanın İran üçün əhəmiyyətini artırır. İraq müharibəsi başlanandan sonra Tehranın Bakı ilə münasibətlərinə daha çox diqqət yetirməsi təsadüfi deyil. 

 Gürcüstan
   Son illərdə Gürcüstanın Qərblə, xüsusilə də ABŞ və NATO ilə əməkdaşlığı daha da genişlənib. NATO-nun assosiativ üzvü olan Gürcüstan, yalnız 1999-cu ildə NATO ilə əməkdaşlıq çərçivəsində onlarla tədbir, o cümlədən Rusiyanın narazılıqla qarşıladığı geniş miqyaslı hərbi-dəniz təlimləri keçirib [1].  
İran İslam Respublikasının (İİR) Qafqaz siyasətində mühüm həlqələrdən biri Tehran-Tbilisi münasibətləridir. İran-Gürcüstan əlaqələri 1991-ci ildə SSRİ dağıldıqdan sonra Gürcüstanın müstəqillik əldə etməsi ilə başlayıb. Bu münasibətlər 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra mühüm əhəmiyyət kəsb etmişdir. İki ölkə arasında münasibətlər 1996-ci ilədək sürətlə inkişaf etmiş, sonralar müxtəlif səbəblərə görə bir qədər soyumuşdu. Tehran Gürcüstan ilə münasibətlərə siyasi mülahizələrlə yanaşı, geostrateji və iqtisadi maraqlarının təmin olunması üçün ciddi önəm verir. Bu məqsədlə orada gedən prosesləri ciddi izləyir. 
  Əlaqələrin inkişafı dövründə iki ölkə rəsmiləri yüksək səviyyədə görüşlər keçirmişlər. 1992-1996-cı illərdə Gürcüstan prezidenti Eduard Şevardnadze iki dəfə İİR-ə və eyni zamanda İİR-in sabiq prezidenti Haşimi Rəfsəncani və onun birinci müavini Həsən Həbibi Gürcüstana səfər etmişlər. Habelə iki ölkənin xarici işlər nazirlikləri dəfələrlə görüş keçirmişlər ki, bunların da nəticəsində iki dövlət arasında müxtəlif sahələrdə 40-dan çox saziş imzalanmışdır [13, 79]. 
   İran-Gürcüstan iqtisadi əlaqələri aşağı səviyyədədir. İranın Mərkəzi Gömrük Təşkilatının statistik məlumatına əsasən, 1999-cu ildə İrandan ixracat 7.65 milyon dollar və Gürcüstandan ixracat isə 15.3 milyon dollar dəyərində olmuşdur. Yəni İran, Gürcüstana ixrac edən ölkələr sırasında 51-ci yeri və Gürcüstandan idxal edənlər sırasında 54-cü yeri tutur [15, 104].
  Gürcüstan regionda özünəməxsus siyasət yeritməyə çalışır. 2003-cü ildə baş vermiş narıncı inqilab nəticəsində qərbyönlü E.Şevardnadzenin yerinə hakimiyyətə eyni səviyyəli gənc siyasətçi Mixail Saakaşvili gəlmişdir [15, 62].  
   Qeyd etdiyimiz problemlər İranın xarici siyasətində əhəmiyyətli rola malikdir. Belə ki, Gürcüstan NATO-nun Şərqdə qapısı hesab olunur. İİR-in strateji tərəfdarları hesab olunan Rusiya və Ermənistanın ərazisi, Şimal və Cənub tərəfdən NATO-nun inkişafına maneə hesab olunurlar. Bu halda Gürcüstanın əhəmiyyəti artır, yəni Gürcüstanın Qərblə əməkdaşlığı, birbaşa İranın təhlükəsizliyi üçün normal deyil.
Gürcüstanın iqtisadi və təhlükəsizlik baxımından əhəmiyyəti, Şimal-Cənub dəhlizindəki rolu danılmazdır. Gürcüstanın burada iştirakı İİR üçün mühüm məsələdir və bu dəhlizin önəmli halqası hesab olunur. Gürcüstanın Qara Dənizlə qonşuluğunun İran-Avropa ticarət əlaqələrində böyük əhəmiyyəti vardır. Habelə ölkənin neft və enerji problemləri İranla əməkdaşlığa zəmin yaradır.
   Yuxarıda qeyd olunmuş problemlərin arxasında dayanan ümumi prinsip əsasən Rusiya-İran münasibətləridir. İki ölkənin maraqları və regionda baş verən proseslər, onları strateji tərəfdaş səviyyəsinə çatdırıb. İran bir sıra məsələlərdə, Xəzər dənizinin statusu, nüvə proqramları, anti-Qərb mövqeyi, daxili iqtisadi, sosial və etnik məsələləri və Qafqaz regionunun neytrallaşdırmaq məqsədi ilə Rusiyaya bağlıdır. Tehranın Şimali Qafqaz və Gürcüstana necə davranmağı Rusiyadan asılıdır. 
  Gürcüstan ərazisində bir sıra əhəmiyyətli məsələlər, o cümlədən, NATO-nun regiona gəlməsi, enerji, tranzit, etnik bə dini məsələlər birbaşa olaraq Rusiyanın və Qərbin maraqları ilə bağlıdır. Ümumiyyətlə, bölgədə gedən proseslər İİR ilə Gürcüstan münasibətlərində irəliləyişə mane olub.  
   Regionda formalaşan Rusiya, İran və Ermənistan yaxınlaşması Gürcüstanı Qərb blokuna, eləcə də ABŞ, Türkiyə, Azərbaycan və İsraillə yaxınlaşdırır. Gürcüstanın bu mövqeyi istər-istəməz İranın və onun müttəfiqlərinin əleyhinədir. İran rəsmiləri müxtəlif formalarda BTC neft kəmərini əleyhinə olduqlarını və bu kəmərin region üçün qeyri-səmərəliliyini əsaslandırmağa çalışmışlar. Gürcüstanın Abxaziya, Acariya və Cənubi Osetiya vilayətlərindəki separatizm məsələsində İranın susması əslində Rusiyanın maraqları ilə üst-üstə düşür. 
   İran-Gürcüstan iqtisadi münasibətlərinə gəldikdə, bu münasibətlər “Şimal-Cənub Nəqliyyat Dəhlizi”nin əsasında formalaşır. Gürcüstanın Qara dənizə çıxışı və onun İran-Avropa iqtisadi əlaqələrində oynaya biləcəyi rol İran tərəfindən nəzərə alınır və müsbət qarşılanır. Bundan başqa, İran qazının Avropa ölkələrinə nəql edilməsi işində də, Gürcüstan ərazisi İran-Avropa qaz xətti üçün həm strateji, həm də iqtisadi cəhətdən önəmlidir. 
   İran-Gürcüstan münasibətlərində Tehran siyasi və iqtisadi maraqlarla yanaşı, həm də ideoloji prizmadan çıxış edirdi. Gürcüstanda daxili siyasi şəraitin inkişafına Tehranın baxışları öxünəməxsus əhəmiyyətə malik idi. Bu ilk növbədə iki ölkənin əlaqələri praktik olaraq onların qurulduğu ilk andan mənfi məzmuna malik idi. İran rəhbərliyi regionda ABŞ-ın hərbi iştirakının genişlənməsindın son dərəcə narahatçılığını büruzə verirdi. Pankisi dərəsində antiterror əməliyyatlarının keçirilməsinə ABŞ hərbi mütəxəssislərinin cəlb edilməsinə dair gürcü rəhbərliyinin qərarı Tehranda son dərəcə mənfi reaksiya doğurmuşdu. İİR-in hərbi-siyasi rəhbərliyi bu addımlara mərhələlər üzrə İİR-in hərbi mühasirəsini sübut edən addımlar kimi, dövlətin islami quruluşuna açıq zorakı təzyiq vasitəsi kimi baxırdılar [4].
   İran tərəfinin dəyərləndirməsinə görə ABŞ hərbi qulluqçularının Gürcüstanda iştirakı faktına İİR-in milli təhlükəsizliyinə təhlükə mənbəyi kimi deyil, əksinə, əsas təhlükə ondan irəli gələ bilərdi ki, Tiflis özü Qafqazda ABŞ hərbi siyasətinin bələdçisinə çevrilir və regionda baş verən proseslərə öz təsirini artırmaqla İranın bütün səylərini təcrid edir. 
  Eyni zamanda, Tehranın dəyərləndirməsinə görə, İİR-in tamamilə təcrid edilməsinə yönəldilmiş Vaşinqtonun siyasətinin təsiri altında Gürcüstan tədricən İrandan uzaq düşür. Hazırda Gürcüstanda elə bir siyasi partiya, o cümlədən də müxalifətin elə bir qüvvəsi mövcud deyildir ki, İranın maraqlarına lobbiçilik etsin və İranpərəst siyasət yeritsin.
    Son illər Tehran ilə Tiflis arasında siyasi və iqtisadi münasibətlərin inkişafı son dərəcə bəyannamə xarakteri daşımışdır. Əməkdaşlığı dərinləşdirmək istəyi və guya artıq ticarət, elm, mədəniyyət sahələrində imzalanmağa hazırlanmış sənədlər imzalanmamış, hər iki tərəfin dəfələrlə etdiyi bəyanatlar gerçəkliyə çevrilməmişdir. Hətta 2003-cü ildə Gürcüstan prezidentinin İrana səfəri də münasibətlərdə elə bir köklü dəyişikliyə gətirib çıxarmadı.

 Ermənistan
  Ermənistan Cənubi Qafqazda formal təhlükəsizlik siyasəti yeridir. Onun bütün məsələlərə yanaşması digər bölgə ölkələrindən geridə qalmamaq üçün təbliğat xarakteri daşıyır. 
Ermənistan regionda ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyi ölkələr Rusiya və İrandır. Hərbi və iqtisadi sahədə daha çox Rusiyaya sığınan Ermənistan üçün coğrafi baxımdan İranla əlaqələr də mühüm əhəmiyyət kəsb edir. Çünki Türkiyə və Azərbaycanla sərhədi bağlı olan və hərbi-siyasi müttəfiqi Rusiya ilə sərhədə malik olmayan Ermənistan İranı “həyat dəhlizi” adlandırır. Orta Asiya, Çin və Yaxın Şərqə məhz İran vasitəsilə yol tapan Ermənistan üçün İranla əlaqələrinin zəifliyi tamamilə təcrid olunmaq deməkdi. 
  İİR-in xarici siyasətində keçmiş sovet məkanı, MDB ölkələrilə münasibətlərinə xüsusi diqqət yetirilir. Tehran Güney Qafqazda nüfuz dairəsi uğrunda Qərb dövlətləri, o cümlədən Türkiyə ilə ciddi rəqabət aparır. ABŞ və Rusiyanın Qafqaz regionu uğrunda rəqabətində İran da imkan düşdükcə istifadə edir və bu zaman respublikaların müəyyən problemindən istifadə edərək onları öz tərəfinə çəkməyə çalışır. Rəsmi Tehran bu zaman öz milli maraqlarından çıxış edir. 
  Ermənistan dövləti Azərbaycan-İran münasibətlərindən təsir və yeri gəldikdə təzyiq vasitələrindən də istifadə edir. Qeyd etdiyimiz kimi, bu məsələ Qarabağ müharibəsinin başlanmasından indiyə qədər davam edir. İİR müharibə dövründə dəfələrlə Ermənistanı işğalçı hesab edib və indiyə qədər Ermənistan və Azərbaycana qarşı həyata keçirdiyi mürəkkəb siyasətdən ancaq iki ölkənin yaratdığı vəziyyətdən öz maraqlarına uyğun istifadə etməyə cəhd göstərmişdir. Ermənistan NATO-nun Şərqə doğru genişlənməsində iştirak etmək niyyətindədir. Əgər bu məsələdə yaxınlaşma baş versə bu zaman o, İran üçün təhlükəli ola bilər. Rusiya-Ermənistan-İran yaxınlaşması və birgə hərəkət etmək meyli məhz bu səbəbdən yaranmışdı. NATO-nun regiona ayaq açması və burada öz hərbi bazalarını yaratmaq niyyəti İranı Rusiyanın himayəsindən məhrum edər və eyni zamanda Ermənistanı Rusiya və İran orbitindən çıxara bilər.  
   İİR-in Qafqaz siyasətində Ermənistanın hərbi əlaqələri nəzərə alınmaya bilməz. ER özünün hərbi təcavüzünün nəticələrini təmin etmək üçün bir neçə ölkə və təşkilatlarla hərbi, hərbi-strateji əməkdaşlıq edir. ER ilk növbədə Rusiya Federasiyası (RF) ilə hərbi-strateji tərəfdaşdır. O, MDB Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmuş, “Sülh Naminə Тяряфdaşlıq” proqramı çərçivəsində isə NATO ilə əməkdaşlıq edir. ABŞ 2005-ci ildə terrorizmlə mübarizə proqramı çərçivəsində ER-ə 5 milyon dollar yardım etmişdir. Bu maliyyə vəsaiti ER-in SQ-nin xüsusilə, Hərbi hava qüvvələrinin maddi-texniki bazasının genişlənməsi üçün xərclənməli idi. Bundan əlavə ABŞ 2005-ci ildə ER SQ-nin hərbi kommunikasiya sisteminin modernləşdirilməsi üçün daha 7 milyon dollar yardım etmişdir. NATO ilə əməkdaşlıq etməsinə baxmayaraq ER NATO sisteminə keçmək niyyətində deyil. Bundan əlavə ER Avropa İttifaqı ilə də hərbi əməkdaşlıq edir.
  Rusiya ilə əməkdaşlığı da Tehranın həmişə diqqət mərkəzində olmuşdur. ER işğal etmiş olduğu Azərbaycan torpaqlarını əlində saxlamaq üçün RF ilə hərbi əməkdaşlığa xüsusi əhəmiyyət verir. RF də öz növbəsində cənub sərhədlərinin mühafizəsi baxımından ER ilə əməkdaşlığı özünün prioritetlərdən sayır. Təsadüfi deyildir ki, ER-in İİR və TC ilə sərhədini ER sərhəd xidməti mühafizə edir. 1992-ci ilin fevralında ER ilə RF arasında imzalanmış müqaviləyə görə ER-TC və ER-İİR sərhədləri RF Sərhəd Qoşunları Komandanlığı tərəfindən mühafizə edilir və 1500 nəfər rus zabiti ER Sərhəd Qoşunlarında xidmət edir [2].
    İranı müəyyən dərəcədə qıcıqlandıran məsələlərdən biri Ermənistanın NATO ilə əməkdaşlığıdır. NATO ilə əməkdaşlıq RF ilə əməkdaşlıq səviyyəsində olmasa da mövcuddur. ER həm də NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının iştirakçısıdır və əsgəri qüvvəsi İraqda sülhməramlı fəaliyyət göstərir.
   ER-in ABŞ-la birbaşa hərbi əməkdaşlığı da Tehranın mənfi reaksiyasına səbəb olur. ER NATO-nun üzvü olan Yunanıstanla, həmçinin Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı İran-Aİ əlaqələrində mühüm rol oynaya bilər.
    Qeyd olunanlardan əlavə, Ermənistanın tranzit əhəmiyyəti, İran-Türkiyə-Avropa xəttinə alternativ kimi planlaşıbdır, İran-Ermənistan iqtisadi əlaqələri, bu əlaqələrdə İranın enerji, yanacaq və ticarət sahəsində inkişafdakı dinamika Ermənistanın indiki vəziyyətində onun üçün çox önəmlidir.
  İran-Ermənistan yaxınlaşmasında mədəni əlaqələr, elmə, təhsilə və birgə tədqiqatlara xüsusi diqqət yetirilir. Qeyri-rəsmi mənbələrə əsasən 2006-2007ci illərdə 1700 nəfər iranlı tələbə Ermənistanda təhsil alır. Humanitar elmlər sahəsində hüquq elmindən sonra fars ədəbiyyatı ixtisasında təhsil alan tələbələr sayca ikinci yeri tutur. Ümumiyyətlə, indiyə qədər iki ölkə arasında müxtəlif sahələr üzrə 90-dan çox saziş və müqavilə bağlanmışdır. Bu iki ölkə arasında həyata keçirilən yaxın münasibətlərin bir uğurlu nəticəsi kimi M.Əhmədinejadın R.Köçəryan ilə 2006-cı ilin iyulunda Tehrandakı görüşü xüsusi vurğulanmışdır [6]. 
   Rusiya və Ermənistanın strateji müttəfiqliyini və Moskva-Tehran əlaqələrini nəzərə alsaq, Rusiya-İran-Ermənistan xəttinin formalaşması aydın görünür. Bu gün artıq “üçlər” bloku de-fakro mövcuddur. Üstəlik, İran öz geosiyasi maraqları naminə irəli sürdüyü əsas prinsipdən – regiondan kənar dövlətlərin bölgədəki proseslərə müdaxiləsinin yolverilməzliyi prinsipindən də imtina etməyə və bu bloka bir üzv “qəbul etməyə” hazırdır. Bununla yanaşı, İranla Ermənistanın regionda aktivləşməsinə yönəlmiş addımlarını göstərmək olar. 1997-ci ildə Afinada İran, Yunanıstan və Ermənistan arasında “Qarşılıqlı anlaşma və əməkdaşlıq haqda” müqavilənin imzalanması da regionda mövcud durumun gərginləşməsinə təsir göstərir [5]. 
  Beləliklə, İran Qafqazda yeritdiyi siyasətində Ermənistana xüsusi yer verir. Bu həm strateji-siyasi, həm iqtisadi-ticarət, həm də mədəni-mənəvi amillərdən irəli gəlir. İİR-in Ermənistanda geosiyasi, iqtisadi-ticari maraqları vardır. Bu, həm İranın təcrid vəziyyətdən qurtarması, həm də yeni yaranmış regiona soxulmaq niyyətilə, Qərb dünyasına çıxış əldə etmək istəklərilə, Güney Qazqazda baş verən hadisələrdə fəal rol oynamaq və vasitəçilik missiyasını yerinə yetirmək istəklərilə izah oluna bilər. İran ilk növbədə Güney Qafqazı öz nüfuz dairəsinə daxil etmək məqsədi güdür.

Azərbaycan Respublikası
    Müasir dövrdə beynəlxalq münasibətlərin əsas iştirakçılarından biri beynəlxalq təşkilatlardır. Beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq Azərbaycan Respublikasının (AR) xarici siyasətinin, diplomatiyasının əsas vəzifələrindən və xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan dünyada önəmli təşkilatlardan biri olan NATO ilə əməkdaşlıq AR-in bu istiqamətində xüsusi əhəmiyyət kəsb edir [8, 12].
   Azərbaycan NATO ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu konkret praktiki tədbirləri ilə təsdiq edir. Kosova və Əfqanıstanda beynəlxalq sülhməramlı qüvvələr tərkibində öz missiyasını uğurla yerinə yetirən Azərbaycan 2003-cü ilin mayında koalisiya qüvvələrinin tərkibində İraqda keçirilən sülhməramlı əməliyyatlarda iştirak haqqında qərar qəbul etdi. Bununla da, erməni terrorizmindən ziyan çəkmiş Azərbaycan Respublikası beynəlxalq terrorizmə qarşı mübarizədə dünya dövlətlərinin ön sırasında olduğunu nümayiş etdirdi. 
    İkitərəfli əməkdaşlıq, Avro-Atlantika Tərəfdaşlıq Şurası (1997-ci ilədək Şimali Atlantika Tərəşdaşlıq Şurası) və Sülh Naminə Tərəfdaşlıq Proqramı (SNT) çərçivəsində Azərbaycan-NATO əməkdaşlığı 3 dövrdən ibarət olmuşdur. Birinci dövr 1992-ci il 20 fevral – 1994-cü il may. AR ilə NATO arasında ilkin siyasi münasibətlərin yarandığı mərhələ 1992-ci ilin fevralında baş nazir Həsən Həsənovun NATO-nun qərargah-mənzilinə səfəri və AR prezidenti Heydər Əliyevin 1994-cü ilin mayında Alyansın Brüsseldəki qərargahında SNT proqramı çərçivə sənədi imzalanmasınadək olan dövri əhatə edir. İkinci dövr 1994-cü il 4 may–1996-cı il 23 aprel. SNT proqramının Prezentasiya sənədinin imzalanmasına qədər olan bu dövrdə əsas diqqət Azərbaycanın bu proqram çərçivəsində fəaliyyət strategiyasının müəyyən edilməsi və ikitərəfli münasibətlərin inkişaf yollarının müəyyən edilməsinə yönəldilmişdi. Üçüncü dövr 1996-cı il 23 aprel–2001-ci il 16 yanvar və hazırkı dövrü əhatə edir. NATO-nun baş katibi C.Robertsonun 2001-ci ilin yanvarında ölkəmizə səfəri əlaqələrin inkişafında müsbət rol oynamışdır. Bu dövrdə NATO-nun baş katibləri üç dəfə (1997-ci ilin fevralı, 1998-ci ilin sentyabrı və 2001-ci ilin yanvarında C.Robertson) və Alyansın digər rəsmiləri Azərbaycan Respublikasına səfər etmiş, Brüsseldəki qərargahın-mənzilində diplomatik missiyamız fəaliyyətə başlamış, Azərbaycanın sülhyaratma taqımı Kosovada NATO rəhbərliyi altında sülhün keşiyində dayanmış, Azərbaycan ərazisində SNT çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Lakin bütün bunlara baxmayaraq, münasibətlərin mövcud durumu Azərbaycan qarşısında duran hərbi təhlükəsizlik problemlərinin həllinə təsir edəcək səviyyədə deyildir. Məhz bu hədəfi Azərbaycan NATO ilə münasibətlərində özü üçün çıxış nöqtəsi qəbul etmişdi.
   Geosiyasi məqsədlərinə nail olmaq və NATO amilindən istifadə etmək üçün Azərbaycan Avro-Atlantika müstəvisində yaxın və orta perspektivli bir sıra addımlar atmalıdır [12]. 
    SSRİ dağıldıqdan sonra Cənubi Qafqazda yaranmış boşluğu doldurmaq üçün İran regionda cərəyan edən hadisələri diqqətlə izləməyə başladı. Təsadüfi deyildir ki, Tehran Cənubi Qafqazda mövcud problemlərin həllində vasitəçilik missiyası ilə çıxış etmək üçün dəfələrlə çıxış etmişdi. Lakin böyük dövlətlərin rəqabət mübarizəsi ilə üzləşən İranın bu cəhdləri uğursuzluqla bitdi. İran həm Azərbaycanda, həm də Ermənistanda baş verən hadisələri diqqətlə izləyir və Cənubi Qafqaza özünün milli maraqlarına daxil olan zona kimi baxır. Tehran Qərblə Şərqi birləşdirən nəqliyyat dəhlizinə çox maraqla yanaşır.
   İİR və AR arasında əlaqələrin inkişafını zəruri edən amillər bunlardır: Qafqaz xalqları arasında azərbaycanlıların üstünlük təşkil etməsi, əhalinin başlıca amil kimi qarşılıqlı münasibətlərdə mühüm rol oynaması; Azərbaycanın əlverişli geosiyasi mövqeyə malik olması, Transqafqaz yolunun Azərbaycandan keçməsi, onun iqtisadi və siyasi təsir gücünün artması; Azərbaycanın zəngin resurslara malik olması, iqtisadi resursların xalqları və ölkələri bir-birinə yaxınlaşdıran amil olması. 
   Cənubi Qafqazda böyük maraqlara malik olan Tehran bölgədə öz xarici siyasətinin perspektivlərini müəyyənləşdirərkən Qafqazın aparıcı dövləti AR ilə münasibətlərinə xüsusi önəm verir. Tehran yaxşı başa düşür ki, Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq və səmərəli münasibətlər qurmadan Cənubi Qafqazda uğurlu siyasət yeritmək mümkün olmaz. Eyni zamanda öz mövqeyindən səmərəli və beynəlxalq hüquq normalarına uyğun şəkildə istifadə edən Azərbaycan regionda sülh uğrunda mübarizədə sadəcə bəyanatlarla, bəyannamələrlə kifayətlənmir, eyni zamanda səviyyəsində öz siyasi gedişlər edir, qonşu dövlətlərlə, xüsusilə də İİR ilə balanslaşdırılmış siyasət yeridir və bu istiqamətdə həm də əməli addımlar atır. İİR prezidenti Məhəmməd Xatəminin 2004-cü ilin avqustunda Bakıya olan rəsmi səfəri, həmçinin, AR XİN-nin İrana səfəri və İİR-in ədliyyə, təhlükəsizlik, səhiyyə, müdafiə nazirlərinin, habelə İran XİN-nin Konsulluq şöbəsi rəisinin 2004-cü ildə Azərbaycana rəsmi səfərlərində əldə olunmuş razılıqlar iki ölkənin siyasi, iqtisadi, mədəni-elmi sahələrinin genişləndirilməsinə təkan vermişdir. Bu sahədə əldə olunmuş müqavilələrdən (75 milyon dollar həcmində) Parsabad-İmişli elektrik stansiyası inşa etmək layihəsini 25 milyon dollar həcmində kreditlə İrandan 200 avtobus alınmasını, Astara-Bakı avtomobil magistralının tikintisinə 40 milyon dollarlıq kredit), Azərbaycan Respublikası Baş Konsulluğunun Təbriz şəhərində açılmasını, Azərbaycan və İranın Təhsil Nazirliklərində iki ölkədə təhsil alan tələbələrin diplomlarının təsdiqi (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Musiqi Akademiyası), eyni zamanda AMEA-nın diplomunun və elmi dərəcələrin tanınması faktını qeyd etmək olar.
   1993-1997-ci illər ərzində İran Azərbaycanın ticarət tərəfdaşları arasında ticarət dövriyyəsinə görə davamlı olaraq 1-ci və 2-ci yerləri tutmuşdur. 1998-ci ilin göstəricilərinə əsasən İran Azərbaycanın ticarət dövriyyəsinə görə 5-ci yeri, 1999-cu ildə isə 7-ci yeri tutmuşdur. Bu geriləmə Azərbaycandan İrana elektrik enerjisinin qarşılığında neft məhsullarının daşınması ilə əlaqədar olmuşdur.
   AR ilə İİR arasında 1997-ci ildə ticarət dövriyyəsi 238,5 milyon ABŞ dolları olmuşdur ki, bunun 48,8 mln dolları idxalın, 189,7 mln dolları isə ixracın payına düşmüşdür. 1998-ci ildə ticarət dövriyyəsi 86,9 mln ABŞ dolları təşkil etmiş, bunun 42,5 mln dolları idxala, 44,4 mln dolları isə ixracata aid olmuşdur. 1999-cu ildə ticarət dövriyyəsi 70,0 mln ABŞ dolları həcmində olmuş, bunun 47,4 milyon dollar idxalın, 22,6 mln dollar isə ixracın payına düşmüşdür. 
   1993-1999-cu illər ərzində idxalın maksimal göstəricisi 1995-ci ildə ən yüksək olaraq 80,3 mln dollara çatmışdır. 1994-cü ildə həyata keçirilmiş ixrac göstərilən dövr üçün ən yüksək səviyyəyə qalxmış və 242,1 mln ABŞ dolları olmuşdur. 1996-cı ildə 65,9 mln dollar təşkil etmişdir. İki dövlət arasında 500 milyon dollarlıq ticarət mübadiləsini 2006-2007-ci illərdə 1 milyard dollara çatdırılması nəzərdə tutulub. 
   İran neft şirkəti (OİEC) iki beynəlxalq konsorsiumda iştirak edir: Şahdəniz perspektiv sahəsi (3-cü konsorsiumda 10% paya malikdir) kontraktı 4 iyun 1996-cı il tarixdə imzalanmışdır [9, s.201]; Lənkəran-dəniz və Talış-dəniz perspektiv strukturları (5-ci konsorsiumda 10% paya malikdir), kontrakt 13 yanvar 1997-ci ildə imzalanmışdır.
   Azərbaycanın Xəzərin milli sektorlara bölmək təklifindən fərqli olaraq, İran Xəzərin “kondominium” prinsipi, yəni Xəzərin tərkindən və səthindən, eləcə də bütün sərvətlərindən bərabər bölgü əsasında aparılması təklifini irəli sürmüşdü [7, s.201]. Bu təklif nə hüquqi, nə elmi, nə də praktik cəhətdən qəbul olunan təklif deyildir. İran son illərdə Xəzərlə bağlı mövqeyində bir qədər “yumşalmaya” meyl edərək 50/50 prinsipindən 20% prinsipinə razı olduğuna eyhamlar edir. Lakin digər Xəzəryanı dövlətlərlə birlikdə Azərbaycan Respublikası da İranın bu təklifini qəbul etmir. 
   Ümumiyyətlə, İran özünün Cənubi Qafqaz siyasətində Rusiyanın maraqlarını nəzərə almaya bilməz. Moskva ilə Tehranın birbaşa hərbi-texniki əməkdaşlığı və Rusiya-İran-Ermənistan alyansının yaranması Qərbin məntəqədə meydan oxumasına cavab kimi nəzərdə tutulub. RF-ə dəstək verən İranın AR ilə münasibətləri soyuqdur. İran ardıcıl ABŞ-ın CQ və MA regionlarına nüfuz etməsinə qarşı çıxır. Xəzərin statusu məsələsinin həllinin ləngidilməsi də Moskva ilə Tehranın ABŞ-ın bölgədən sıxışdırıb çıxartmaq cəhdləri ilə bağlıdır və bu mövqe İranın AR-in Qərblə imzaladığı neft müqavilələrini tanımamaq barədəki cəhdləri vaxtaşırı bəyanatları ilə möhkəmləndirilir. Son hərəkətlər – 2001-ci ilin yayında AR geoloji kəşfiyyat gəmilərinin və Böyük Britaniya neft firmaları nümayəndələrinin Xəzərin Azərbaycan sektorunda işi dayandırmağa məcbur edilməsi buna misal ola bilər. 



ƏDƏBIYYAT

1. Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı: Azərbaycan nəşriyyatı, 2005, 752 s.
2. Ermənistan Respublikası (məlumat sorğu kitabçası) Bakı: Etno-sosial Araşdırmaları Mərkəzi, (QESAM), 2006, 77 s. 
3. Əzimli A. Azərbaycan-NATO münasibətləri (1992-2000). Bakı: Adiloğlu nəşriyyatı, 2001, 226 s. 
4. Talıblı S.Ə. İranın Cənubi Qafqaz siyasətində Gürcüstanın yeri (1991-2006-cı illər) // Tarix və onun problemləri. Bakı: BDU, 2007, № 2, s. 154-160 
5. Talıblı S.Ə. İranın Cənubi Qafqaz siyasətində Ermənistan (1991-2006-cı illər) // Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun elmi nəşri.“Dirçəliş – XXI əsr” jurnalı, Bakı: avqust-sentyabr, 114-115 /2007, s.220-230
6. Talıblı S.Ə. İran-Ermənistan münasibətləri (1991-2006-cı illər) // “YOM” Türk Dünyasının Mədəniyyət dərgisi (Rüblük). Bakı: 8/2007, s. 46-55
7. Talıblı S.Ə. Azərbaycan-İran münasibətlərində Xəzər məsələsi // “Şərqin aktual problemləri: tarix və müasirlik”. AMEA-nın Şərqşünaslıq İnstitutu. Bakı: Nurlan, 2006, s. 106-110
8. Talıblı S.Ə. Azərbaycan-NATO əlaqələri: mövcud durum və perspektivlər // “Diplomatiya və Hüquq” jurnalı. Bakı, avqust 2007, № 5(011), s. 12-16
9. Алиев И.Г. Каспийская нефть Азербайджана. М.: Известия, 2003, 712 с.
10. Декларация глав государств и правительств – участников заседания Североатлантического Совета в штаб-квартире НАТО в Брюсселе 10-11 января 1994 г. Пункт 21
11. Чернявский С. Южный Кавказ в планах НАТО // «Международная жизнь», М.: 1998, №9, с. 102-108
12. NATO and Azerbaijan: mutually beneficial cooperation. Ankara, 1999.

خوفی, منوچهر, راهنمای صادرات به آذربایجان, تهران, مؤسسه مطالعات و پژوهشهای .13  
بازرگانی , چاپ اول, 1379


Müəllif: Talıbı Sübhan.
Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi, İran üzrə ekspert.

Категория: Siyasi | Добавил: Fazik (04.07.2009)
Просмотров: 1931 | Комментарии: 2 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
MİM

MİM BLOQ

Tag Clouds
demoqrafiya Rusiyada sosial siyaset sosial böhran. Türk birliyi türk birliyi nə deməkdir Türklerin mədəni iqtisadi və siyasi ABŞ və TC ABŞ və türklər Amerika Birləşmiş Ştatları və Türki Rusiya və Avropa Rusiyanın Avropa siyasəti Rusiyanın avropadakı siyasi maraqla Xarici Siyasət xarici siyasətdə yalnızçılqı strate Yalnızçılıq strategiyası Canaqqala Türkün Şanlı Tarixi Beynəlxalq Balkan Komissiyasi Dagliq Qarabag ve Kosovo problemi Kosovo problemi presidentlik meselesi Böyük Turan Turan Turanizm Türk dövlətləri Türkçülük Liviya Misir Suriya Tunis Ərəb Baharı Ərəblər Vikiliks haqqında Vikiliks həqiqətləri Vikiliks nədir? miqrant problemi müsəlman miqrantlar sosial dövlətlər Sosial dövlətlərin problemləri Fransa Fransa parlamenti Fransa və erməni soyqrımı Fransa və ermənilər İran və Ermənistan Bjezinski Dünya düzəni Qərb Qərbi yeniləmək siyasət Şərq siyasəti Şərqi Balanslaşdırmaq Yeni Dünya Zbiqnev Bjezinski Kütləvi Qırğın Silahı Narkoticarət narkotik Opium strategy Siyasi Alət Əfqanıstan İran İran müharibəsi. İran və Azərbaycan İranın vurulması ABŞ Dolların gücü. Federal Ehtiyat Sistemi Avropa Avropa Bİrliyi Avropanın dağılması Avrosentrizm İnteqrasiyon Seçim.

Statistika

Hazırda saytdadır: 1
Qonaqlar: 1
İştirakçılar: 0

Copyright MyCorp © 2024